Yüksək Texniki Peşə təhsili nədir?
Yüksək Texniki Peşə təhsili müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə həyata keçiriləcək işlərin planlaşdırılması, təşkili və idarə edilməsi daxil olmaqla sadə, xüsusi və mürəkkəb işləri müstəqil yerinə yetirməyə imkan verən yüksək nəzəri, metodiki və praktiki hazırlıqdır.
Yüksək Texniki Peşə təhsili almış şəxs subbakalavr sayılır və heç bir imtahanda iştirak etmədən universitetə qəbul ola bilir. Çünki subbakalavr yüksək texniki peşə təhsili səviyyəsində və orta ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsidir. Yəni, Yüksək Texniki Peşə təhsili kollec təhsilinə bərabət tutulur. Bu məsələ “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanununda təsdiqini tapıb.
Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 59-VIQD nömrəli Qanunu ilə yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslərin orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulması müəyyən edilib.
2020-2021-ci tədris ilində ilk dəfə olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Nəqliyyat vasitələrinin texniki istismarı”, “Kompüter sistemlərində proqram təminatı” ixtisasları üzrə yüksək texniki peşə təhsili səviyyəsinə qəbul həyata keçirilib. Təhsil müddəti 3 il olan bu tədris proqramlarında təhsil alan tələbələr subbakalavr peşə-ixtisas dərəcəsi alacaq və təhsilini müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ əldə edəcəklər. Qeyd edək ki, növbəti tədris ilindən etibarən yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul aparılacaq ixtisasların sayının artırılması nəzərdə tutulur.
Yüksək texniki peşə təhsili ümumilikdə peşə təhsilinin nüfuzunu artırmağa xidmət etməklə yanaşı, təhsil pillələri arasında keçid imkanını da təmin edəcəkdir.
