Əvvəl Bakı, sonda İsmayıllı – Gözlənilməz qalibin hekayəsi
İsmayıllının yüksək intellektə malik məktəbliləri bu dəfə öz güclərini “Zəkaların mübarizəsi” intellektual olimpiadasında sınadılar. O səhnədə yalnız suallara cavab verən iştirakçılar yox, həm də gələcəyin alimləri, düşüncə adamları və vətənə fayda verəcək fədakar gənclər var idi. Onlar yalnız yarışmır, düşünür, öyrənir və bir ailə kimi bir-birlərinə dayaq olaraq irəliləyirdilər.
Olimpiadada “Bilik yarışı” kateqoriyası üzrə birinci yerin sahibi olan İsmayıllı rayonunun komandasının qalibiyyətinin arxasında günlərlə davam edən hazırlıq, güclü komanda işi və cəsarətli liderlik dayanırdı.

“Azərbaycan müəllimi” yarışdan sonra qalib komandanın üzvləri ilə görüşüb.
Fikir ayrılıqları oldu, amma…
Komandanın kapitanı, İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Leyla Ağayeva uğurlarının təsadüf olmadığını düşünür. Qeyd edir ki, bu nəticəyə gəlmək üçün müəllimlərin dəstəyi ilə davamlı məşqlər keçib, müxtəlif kateqoriyalar üzrə suallar hazırlayaraq birlikdə müzakirələr aparıblar.