Kollec xəbərləriÖnə çıxan xəbərlərRegion

Şəhid məzun Lətifli Orxan Xancan oğlunun doğum günü qeyd edilib.

19.07.2025-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin əyani şöbə müdiri E.Ağayev, “Fizika, Riyaziyyat-İnformatika” fənləri üzrə FBK sədri R.Sadıqova, kollecin bir qrup müəllim heyəti kollecimizin “Kompüter şəbəkələrində hesablama texnikasının təmiri və servisi” ixtisasının 44 günlük Vətən Müharibəsində əbədiyyətə yüksələn şəhid məzunu Lətifli Orxan Xancan oğlunun doğum günü münasibətilə keçirilən mövlud mərasimində iştirak etmişdir. Şəhidin İsmayıllı rayonu Diyallı kənd qəbirstanlığında yerləşən məzarı ziyarət olunaraq gül dəstələri qoyulmuşdur.

Tədbirdə iştirak edən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimləri, öz çıxışlarında bildirdilər ki, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin 3 şəhid tələbəsi var, kollecin həyətində şəhid tələbələrin xatirəsinə həsr olunmuş xatirə lövhəsi tikilmişdir. Şəhid Orxan Lətifli kollecdə təhsil aldığı dövrdə həm təlim-tərbiyəsi, həm də savadı ilə kollecin nümunəvi tələbələrindən olmuşdur. Pedoqoji kollektiv tərəfindən onun vətənpərvərliyi və keçdiyi döyüş yolu tələbələrə çatdırılır, onlarda vətənpərvərlik hissi formalaşdırılır, şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi daima qəlblərdə yaşadılır.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizə Allah rəhmət etsin!