ElmGənclərPeşə təhsili

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində gənclərlə “Narkotiklər: Təhlükəni tanı və qorun” mövzusunda maarifləndirici təlim keçirilib.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Narkotiklər: Təhlükəni tanı və qorun” mövzusunda keçirilən təlim gənclər arasında narkomaniyaya qarşı maarifləndirmə işinin gücləndirilməsi məqsədilə təşkil edilib. Təlimçi araşdırmaçı-ekspert Məhbubə Mehdiyeva tələbələrlə görüş zamanı gənclərə narkotik asılılığının fərdi, ailəvi və ictimai həyatdakı dağıdıcı təsirləri barədə əhatəli məlumatlar təqdim edib.

Təlimçi tərəfindən iştirakçılara narkotiklərin yalnız fiziki deyil, eyni zamanda psixoloji və sosial problemlərə yol açdığı izah edildi. Ekspert çıxışında bildirib ki, narkotik vasitələrdən uzaq durmaq yalnız hüquqi məsuliyyətdən yayınmaq üçün deyil, həm də sağlam, məqsədli və dəyərli bir həyat üçün vacibdir. Təlim interaktif formatda tələbələrin iştirakı ilə təşkil edilərək, müxtəlif situasiyalar üzərində praktiki tapşırıqlar yerinə yetirildi və müzakirələr aparılıb

Tədbirdə həmçinin müasir dövrdə narkotik vasitələrin gənclər arasında yayılma səbəblərinə də toxunulub. Sosial təzyiqlər, informasiya bolluğunda itən düzgün seçim bacarığı və asudə vaxtın səmərəsiz təşkili bu səbəblər arasında qeyd edildi. Gənclərə psixoloji müqavimətin gücləndirilməsi, “yox demək” bacarığının inkişaf etdirilməsi və sağlam sosial mühitin əhəmiyyəti barədə praktiki tövsiyələr verilib.

Tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “2023–2028-ci illər üçün Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Proqramı” bu sahədə mübarizənin ardıcıl və sistemli şəkildə həyata keçirilməsini təmin edir. Bu proqram çərçivəsində təhsil müəssisələrində maarifləndirici tədbirlərin keçirilməsi xüsusi önəm daşıyır.

Görüşün sonunda tələbələr belə tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar və gələcəkdə narkotiklərə qarşı daha güclü ictimai maarifləndirmə kampaniyalarının təşkilinə dəstək verməyə hazır olduqlarını bildiriblər.