TTKF sədri: Hər gün 100-ə yaxın tələbə kredit üçün müraciət edir MÜSAHİBƏ - kollec.az - Kollecə qəbul/Kollec xəbərləri
ElanlarElmGənclərKollecə qəbulUniversitet həyatı

TTKF sədri: Hər gün 100-ə yaxın tələbə kredit üçün müraciət edir MÜSAHİBƏ

Bakı, 5 iyun, Aysel Azadqızı, AZƏRTAC

Təhsil tələbə krediti təhsil almaq istəyən gənclərin maliyyə çətinliklərini yüngülləşdirməklə onlara dəstək olur. Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov AZƏRTAC-a müsahibəsində TTKF-nin fəaliyyət istiqamətləri və təhsil kreditlərinin verilməsi prosesinə dair ətraflı məlumat verib. Fondun rəhbəri təhsil kreditlərindən faydalanan tələbələrin sayının artması, müraciətlərin statistikası və gələcəkdə bu sahədə nəzərdə tutulan yeniliklər barədə danışıb.

Onunla müsahibəni təqdim edirik.

– Bəhruz müəllim, hazırda neçə nəfər təhsil tələbə kreditindən (TTK) faydalanır və bu göstərici əvvəlki illərlə müqayisədə necə dəyişib?

– Dördüncü tədris ili, səkkizinci semestrdir ki, TTK-ların verilməsi prosesini icra edirik. TTKF 2021-ci ildə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılıb. Qeyri-kommersiya təşkilatı olan Fond Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Bu qurumun yaradılmasında hər hansı bir gəlir və ya mənfəət məqsədi yoxdur. Əsas hədəfimiz cəmiyyətin həssas qruplarına aid şəxslərin təhsilə çıxış imkanlarını genişləndirmək, daha çox vətəndaşın ali təhsil almasını təmin etmək və təhsildə bərabər imkanları təşviq etməkdir.

Kreditlərin verilməsində əsas məqsədlərimizdən biri də təhsildə rəqabəti artırmaq və bununla da keyfiyyətə təsir göstərməkdir. Kreditdən faydalanan tələbələr, mövcud qanunvericiliyə uyğun olaraq tətbiq edilən güzəştlərdən yararlanmaq üçün daha yaxşı oxumağa təşviq olunurlar. Bu isə nəticə etibarilə təhsilin keyfiyyətinə müsbət təsir göstərir.

Təhsil kreditlərinin, həmçinin əmək bazarına stimullaşdırıcı təsir göstərdiyini düşünürük. Əvvəllər təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsilini yarımçıq qoyan və ya yalnız ödənişsiz əsaslarla qəbul ola bilmədiyi üçün sevmədiyi ixtisası seçən gənclər bu gün TTK sayəsində seçim imkanlarını daha rahat şəkildə həyata keçirə bilirlər.

Tələbələrin layihəyə olan inamı da hər semestr artan dinamika ilə özünü göstərir. Çünki bu, dövlət tərəfindən təqdim edilən, uzunmüddətli və güzəştli şərtlərlə verilən kreditlərdir. Vətəndaşlar TTK ilə bank kreditləri arasındakı fərqi anlayır və ona görə də layihəyə maraq artır.

Bu günə qədər 70 mindən çox müraciət daxil olub və onlardan 56 min 800-dən çoxu artıq rəsmiləşdirilib. Bu rəqəmlər hər gün dəyişir. Hər gün 50, 60, 70, bəzən 100 və daha çox müraciət sistemə daxil olur, eyni zamanda, təyinat vəsaitlərinin banka köçürülməsi prosesi davam edir. Yəni bu, olduqca dinamik bir prosesdir.

– Hazırda TTK-dan faydalanan tələbə sayı nə qədərdir?

– Bu günə qədər rəsmiləşdirilmiş 56 min 860 təhsil krediti müqaviləsinin təqribən 21 minə yaxını artıq məzun olan şəxslərin payına düşür. Yerdə qalan, yəni 36 mindən bir qədər çox hissə isə hazırda ali təhsilini davam etdirən tələbələrə aiddir. Ümumi mənzərəyə baxsaq, tələbə–məzun nisbəti təxminən 60/40 təşkil edir.

– TTK-dan yararlanmaq üçün ən çox müraciət olunan ixtisas və universitetlər hansılardır?

– Ən çox müraciət ödənişli əsaslarla təhsil alan tələbələrin sayının yüksək olduğu təhsil müəssisələrindən daxil olur. Bu baxımdan birinci yerdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) qərarlaşıb. Ardınca Gəncə Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti yer alır. Bu sıralama təbii ki, həmin universitetlərdə ödənişli əsaslarla oxuyan tələbələrin sayına birbaşa bağlıdır.

Demək olar ki, ölkədəki bütün təhsil müəssisələrindən müraciətlər daxil olur. Çünki mövcud qanunvericilik bizə imkan verir ki, ali, orta ixtisas və peşə təhsili pilləsində əyani və ödənişli əsaslarla təhsil alan tələbələr TTK-dan yararlana bilsinlər.

– Xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün kredit imkanları nəzərdə tutulurmu? Əgər yoxdursa, bu istiqamətdə gələcəkdə plan varmı?

– Xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün Dövlət Proqramı mövcuddur. Bu proqram ölkəmizin əmək bazarının möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı və ixtisaslı, peşəkar kadrların Azərbaycana qaytarılması məqsədilə hazırlanıb. Hesab edirəm ki, bu, kifayət qədər uğurlu və əhəmiyyətli bir təşəbbüsdür və bu sahəni böyük ölçüdə əhatə edir.

Hazırkı qanunvericiliyə əsasən isə Təhsil Tələbə Krediti Fondu nə xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına, nə də əcnəbi vətəndaşlara kredit təqdim etmir. Fondun bu istiqamətdə hər hansı bir öhdəliyi və ya vəsait təqdim etmə imkanı yoxdur.

Fondun maliyyə modeli “return on investment” — yəni investisiyadan gəlir prinsipi əsasında qurulub. Bu o deməkdir ki, ayrılan vəsaitin həm maliyyə baxımından, həm də insan kapitalı formasında ölkəyə geri qayıtması nəzərdə tutulur. Hazırda bu sistem yalnız ölkə daxilində təhsil alan tələbələr üçün işləkdir və risklərin idarə olunması bu prinsiplə təmin olunur.

Əgər bu mexanizmi xaricdə təhsil alan tələbələrə tətbiq etsək, o zaman vəsaitin geri qayıtmama ehtimalı artır və bu, yüksək riskli bir modelə çevrilə bilər. Xaricdə təhsil üzrə Dövlət Proqramında isə tələbələrin geri dönməsi, ölkədə işlə təmin olunması və ölkəyə fayda verməsi üçün hüquqi və inzibati mexanizmlər tətbiq olunur. Bu proqram konkret olaraq insan kapitalının inkişafına yönəlib.

– Kreditləri yalnız universiteti bitirdikdən sonra işləməyə başlayan tələbələr ödəyə bilir. Bəs bu müddətdə iş tapa bilməyən, xüsusilə regionda yaşayan məzunlar üçün hansısa alternativ modeliniz varmı?

– Əslində, bu məsələdə Fondun birbaşa hüquqi öhdəliyi yoxdur. Amma bizi narahat edən əsas məqam dövlət vəsaitinin səmərəli istifadəsi və geri qaytarılma mexanizminin düzgün işləməsidir. Bu istiqamətdə müəyyən təşəbbüslərlə çıxış etmişik və Fondun fəaliyyətində İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsi adlı yeni bir struktur bölmə yaradılıb.

Bu şöbə aşağıdakı əsas istiqamətlər üzrə fəaliyyət göstərir:

– Təhsil krediti almış tələbə və məzunların bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif təlim və təcrübə proqramlarının təşkili;

– Dövlət və özəl sektorla əməkdaşlıq əsasında iş imkanlarının qiymətləndirilməsi və tələbələrə təqdim olunması;

– Tələbələrin əmək bazarına inteqrasiyasını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsi.

Bu fəaliyyətlərin real təsiri daha çox uzunmüddətli dövrdə görünəcək. Hazırda bəzi ilkin nəticələr müşahidə olunur və bu sahədə işlər mərhələli şəkildə gücləndirilir.

– Tələbə ödənişi gecikdirdikdə TTK-ya əlavə faiz gəlirmi?

– Xeyr, gəlmir. Bizim də qeyd etdiyimiz kimi, təhsil tələbə kreditləri Təhsil Tələbə Kredit Fondunun vəsaiti hesabına, Nazirlər Kabinetinin 226 nömrəli Qərarı ilə təsdiq olunmuş qaydalara əsasən verilir. Həmin qaydalarda da açıq şəkildə göstərilir ki, təhsil kreditlərinin geri qaytarılması zamanı ödənişlərdə gecikmə olarsa, bu halda əlavə faiz və ya dəbbə (cərimə) tətbiq olunmur. Bu yanaşma bir daha göstərir ki, dövlət bu mexanizmi vətəndaş yönümlü şəkildə qurub və sosial qayğı prinsiplərinə əsaslanaraq tələbələrə maksimum güzəşt tətbiq edir.

– TTK ödənişini gecikdirən və ya ödənişdən imtina edən tələbələr varmı?

– Bəli, təəssüf ki, kredit öhdəliklərini yerinə yetirməyən məzunlar da var. Kredit müqavilələrinə əsasən, tələbələr universiteti bitirdikdən sonra vəsaiti geri qaytarmalıdır. Bu prosesdə müvəkkil bank əsas məsul tərəfdir. Əgər məzun ödəniş etmirsə, bankın məsələni hüquqi müstəviyə keçirmək hüququ var. Bu halda, məhkəmə prosesi başlayır və qərar qanunvericiliyə uyğun şəkildə çıxarılır.

Hazırda 90 gündən çox ödəniş gecikməsi olan şəxslərin sayı təxminən 50–60 nəfər civarındadır. Onlar artıq təhsilini başa vurmuş və ya vətəndaş statusunda olan şəxslərdir. Bu hallarda bəzən vətəndaşlar məsuliyyəti dərk edib ödənişi könüllü şəkildə həyata keçirirlər. Əgər belə olmursa, məsələ məhkəmə çərçivəsində həll edilir.

Bununla yanaşı, qeyd etdiyim İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsi həmin şəxslərlə fərdi şəkildə işləyir, onları təlimlərə cəlb edir, işlə təmin olunmaları üçün imkanlar yaradır. Bu yanaşmanın artıq geri ödənişlərin artmasında müsbət nəticələri hiss olunur.

– TTKF-dən yararlananların 70 faizi bakalavriat, 24 faizi magistratura pilləsində oxuyanlardır. Amma texniki peşə və orta ixtisas sahəsində bu göstərici cəmi 6 faizdir. Sizcə, bu disbalans nədən qaynaqlanır və necə tənzimlənə bilər?

– Bu disbalans əsasən bakalavr pilləsində ödənişli təhsil alan tələbələrin sayının daha çox olması ilə əlaqəlidir. Yəni, bu göstəricilər təhsil pillələrində ödənişli oxuyanların sayına proporsionaldır. Məsələn, bakalavriat səviyyəsində həm ümumi tələbə sayı, həm də ödənişli əsaslarla təhsil alanların sayı daha yüksəkdir. Buna görə də həmin pillədən edilən müraciətlər də üstünlük təşkil edir.

Eyni zamanda, təhsil haqlarının miqdarı da burada önəmli rol oynayır. Məsələn, bakalavriat tələbəsi illik olaraq daha yüksək məbləğdə təhsil haqqı ödəyir, bu da kredit ehtiyacını artırır. Halbuki texniki peşə və orta ixtisas təhsilində təhsil haqları nisbətən aşağıdır.

Xüsusilə peşə təhsilində ödənişli əsaslarla oxuyan tələbə sayı çox azdır. Son illərdə dövlət bu sahəyə xüsusi diqqət yetirir və təxminən 85 faizdən çox peşə təhsili yerləri ödənişsiz təqdim olunur. Orta ixtisas təhsili üzrə də vəziyyət bənzərdir, ödənişli və ödənişsiz yerlər arasında balans mövcuddur, lakin ödənişsiz təhsil alanların sayı daha çoxdur.

Digər bir məqam isə peşə və orta ixtisas təhsil pillələrinə 9-cu sinifdən sonra daxil olan gənclərin qərarvermə və kredit götürmə proseslərində daha ehtiyatlı davranmaları ilə bağlıdır. Təhsil haqqı məbləğinin az olması və digər sosial-psixoloji faktorlar bu sahələrdən edilən müraciətlərin sayının az olmasına təsir edir.

– 2023/2024-cü tədris ilində orta təhsil krediti məbləği 930 manat olubsa, 2024/2025-ci tədris ilində bu rəqəm 807 manata düşüb. Bu azalma hansı amillərlə izah olunur?

– Əslində bu azalma texniki bir məsələ ilə bağlıdır və tədris ilinin tam başa çatmaması ilə əlaqədardır. Sizin istinad etdiyiniz statistik məlumat birinci semestr tamamlandıqdan və ikinci semestrin yeni başladığı dövrə təsadüf edir. Bu səbəbdən ümumi orta göstəricidə müəyyən azalma müşahidə olunur.

Əlavə olaraq, qeyd edim ki, təhsil kreditlərinin təxminən 65 faizini standart təhsil tələbə kreditləri təşkil edir. Bu kredit növündə tələbələr təhsil haqqının 20 faizini özləri ödəyir, biz isə onlara təhsil haqqının 30 faizi miqdarında kredit ayırırıq. Yəni, birinci semestr üçün kredit məbləğləri daha aşağı olur və bu da ümumi orta göstəriciyə təsir edir.

Bütün semestrlər üzrə kreditlər rəsmiləşdirildikdən sonra bu göstərici tədricən artır. Məsələn, ikinci semestr də tamamlandıqdan sonra orta kredit məbləğinin yenidən 930, hətta 950 manata qədər yüksəlməsi gözlənilir. Yəni, bu azalma dayanıqlı və sistemli bir azalma deyil, müvəqqəti və dövri statistik fərqdir.

– Statistikaya əsasən 1100-dən çox ailədə iki və ya daha artıq övlad TTKF-dən faydalanır. Eyni ailədən 3 və ya daha çox tələbə kredit götürdükdə həmin ailələr üçün əlavə güzəştlər və ya dəstək paketləri nəzərdə tutulurmu?

– Əslində bu artıq özü-özlüyündə bir dəstək mexanizmidir. Eyni ailədən iki və ya daha çox tələbəyə təhsil krediti ayrılması, düşünürəm ki, kifayət qədər böyük sosial dəstəkdir. Bəzən bizə sual verirlər ki, niyə bir ailədən iki, hətta üç nəfərə qədər tələbəyə kredit ayrılır? Bunu hansısa şəkildə məhdudlaşdırmaq nəzərdə tutulurmu? Xeyr, bu, dövlətin hər bir təhsilalan vətəndaş üçün yaratdığı bərabər imkanlar prinsipi çərçivəsində həyata keçirilir. Əgər ailədə 5 övlad varsa və onlar hamısı ödənişli əsaslarla təhsil alırlarsa, hər biri bu imkandan yararlana bilər.

Əlavə güzəştlərə gəlincə, onlar qanunvericiliklə müəyyən edilmiş çərçivədə tətbiq olunur. Bu güzəştlər əsasən tələbələrin sosial statusuna və akademik göstəricilərinə əsaslanır. Məsələn, sosial TTK alan tələbə semestrin sonunda 71 bal və yuxarı nəticə göstərərsə, həmin kredit faizsiz qaytarılır. Əgər təhsil dövrünü 91 bal və daha yüksək ortalama ilə tamamlayarsa, aldığı bütün kredit vəsaitlərinin 50 faizi bağışlanır.

Standart TTK alan tələbə isə, əgər semestr sonunda 91 və yuxarı bal toplayarsa, həmin semestr üzrə kredit faizsiz olur. Bütün təhsil dövrünün sonunda 91 və yuxarı ortalama göstərərsə, kreditin 25 faizi bağışlanır.

Yəni bu sistem ailə üzvlərinin sayından asılı olmayaraq fərdi əsaslarla və akademik nailiyyətlərə görə tətbiq olunan güzəştlərlə işləyir. Bütövlükdə isə, bir ailədən bir neçə tələbənin bu imkandan yararlanması, dövlətin təhsilə verdiyi dəyərin və sosial ədalət prinsipinin göstəricisidir.

– 2024/2025-ci tədris ili üzrə ilk semestrdə müraciətlərdə azalma müşahidə olunur. Sizcə, bu göstəricidəki dəyişiklik nə ilə bağlıdır?

– Əslində, xeyr, bu dövr üçün müraciətlərdə ciddi bir azalma müşahidə olunmur. 2024/2025-ci tədris ilinin ilk semestrində 12 min 900-dən çox müraciət daxil olub və artıq 11 minə yaxın müraciət rəsmiləşdirilib. Hazırda isə ikinci semestr üzrə müraciət dövrü davam edir, artıq 10 mindən çox müraciət qəbul olunub və 9 mindən çoxu rəsmiləşdirilib. Lakin müraciət dövrü hələ başa çatmayıb; iyun ayının sonu yekunlaşacaq. Bu səbəbdən də, hər iki semestrin göstəricilərini müqayisə etmək üçün müraciət müddətinin tamamlanmasını gözləmək daha doğru olar.

Ötən tədris ili, yəni 2023/2024-cü illə müqayisə etsək, birinci semestr üzrə 8600-dən çox, ikinci semestr üzrə isə 8400-dən çox müraciət rəsmiləşdirilmişdi. Yəni arada cəmi 200 müraciətlik bir fərq var. Bu isə təbii haldır. Çünki adətən birinci semestrdə yeni qəbul olunmuş tələbələr daha çox müraciət edir, ikinci semestrdə isə bəzi tələbələr akademik göstəricilərinə görə müraciət edə bilmirlər.

Təhsil tələbə kreditlərinin verilmə qaydalarında hər iki kredit növü üzrə ortaq bir şərt var: tələbənin akademik borcu, yəni kəsiri olmamalıdır. Əgər tələbə əvvəlki semestrdə kəsir alıbsa, o zaman ikinci semestrdə müraciət etmir, ya da müraciət etsə belə, imtina alacağını bildiyi üçün müraciətdən imtina edir. Biz bununla bağlı təhlil də aparmışıq və gördük ki, ikinci semestrdəki nisbətən azalmaların əsas səbəbi məhz akademik borclardır. Amma qeyd edim ki, bu azalma çox cüzi səviyyədədir və sistemin ümumi fəaliyyətinə ciddi təsir etmir.

– Hazırda kreditlər yalnız təhsil haqqını əhatə edir. Gələcəkdə yataqxana, kitab, avadanlıq və ya nəqliyyat xərclərinin də daxil edilməsi planlaşdırılırmı?

– Bu məsələ cəmiyyətdə də tez-tez müzakirə olunur və biz Fond olaraq bu ehtiyacın fərqindəyik. Artıq bu istiqamətdə ilkin araşdırma və təhlillərə başlamışıq. Eyni zamanda, vətəndaş cəmiyyətindən də bu sahədə müxtəlif təkliflər və suallar daxil olur.

Təbii ki, bu məsələ yüksək səviyyədə – dövlət və rəhbərlik səviyyəsində müzakirə olunmalıdır. Əlavə vəsaitin ayrılması məsələsi də burada əsas rol oynayır. Lakin düşünürük ki, gələcəkdə Təhsil Tələbə Krediti Fondunun fəaliyyət istiqamətləri genişləndirilə bilər və tələbələrin yalnız təhsil haqqı deyil, eyni zamanda yataqxana, nəqliyyat, qidalanma, kitab, avadanlıq kimi digər təhsil ilə bağlı dolaylı xərcləri də kredit mexanizminə daxil edilə bilər.

Hazırda bu istiqamətdə ilkin işlərə başlanılıb və müvafiq təhlillərin tamamlanmasından sonra məsələ aidiyyəti qurumlara təqdim olunacaq. Şəxsi fikrimə görə, bu məsələnin 2026-cı ildə gündəliyə gəlməsi və real müzakirəyə çevrilməsi mümkündür.

– Növbəti illər üçün hansı yeni layihələr və dəyişiklikləri planlaşdırırsınız?

– Fond olaraq bir neçə istiqamətdə yeni layihələr üzərində işləyirik. Əsasən, fəaliyyət sahəmizə dair olan layihələrdir və bunları əməkdaşlıq etdiyimiz qurumlarla birgə həyata keçiririk. Söhbət həm təlimlərdən, həm də təcrübə proqramlarından gedir.

Eyni zamanda, kiçik və orta sahibkarlıq subyektləri, işəgötürənlər və HR mütəxəssislərlə görüşlər təşkil edirik. Bu görüşlər çərçivəsində yeni əməkdaşlıq modelləri və layihələr planlaşdırırıq. Milli Məclisin deputatları ilə də qarşılıqlı görüşlər nəzərdə tutulub. Məqsəd ölkənin müxtəlif bölgələrində, eləcə də Bakı və digər böyük şəhərlərdə tələbələrin təhsil kreditlərindən faydalanmasını təşviq etmək və maarifləndirmə işlərini gücləndirməkdir.

Təhsil müəssisələrində davamlı olaraq maarifləndirmə tədbirləri keçiririk. Xüsusilə ümumi təhsil müəssisələrində valideynlərlə birbaşa görüşlər təşkil edirik. Bu tədbirləri hər il iki dəfə – tədris ilinin əvvəlində və sonunda həyata keçiririk. Bu ilin sonuna doğru yenidən həmin görüşləri keçirəcəyik.

Bundan əlavə, təhsil kreditlərinin verilməsi prosesində iştirak edən məsul şəxslərlə də sıx əməkdaşlıq edirik. Onların rəqəmsal bacarıqlarını, elektron sistemlə işləmə qabiliyyətlərini, eyni zamanda, yumşaq bacarıqlarını inkişaf etdirmək məqsədilə təlimlər planlaşdırırıq. Məqsəd – əməkdaşlığın keyfiyyətini artırmaq və təhsil tələbə kreditlərinin icrasında səmərəliliyi yüksəltməkdir.

Qeyd etmək istəyirəm ki, hazırda 2024–2025-ci tədris ilinin yaz semestri üzrə – yəni artıq 8-ci semestr üçün müraciət dövrü davam edir. Bu müddətin iyun ayının sonuna qədər davam edəcəyini gözləyirik. Təhsil haqqının ödənilməsində çətinlik çəkən tələbələr bu dövr ərzində müraciət edərək Fondun vəsaiti hesabına təhsil haqlarını ödəyə bilərlər.

Növbəti tədris ili, 2025–2026-cı il üzrə müraciət dövrünün isə iyul ayının ortalarında başlaması nəzərdə tutulur. Həmin tarixdən etibarən yeni semestr və tədris ili üçün müraciətlər qəbul olunacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *