NDU-nun rektoru universiteti uğurla təmsil edən tələbələrlə görüşüb - kollec.az - Kollecə qəbul/Kollec xəbərləri
GündəmİmtahanRegionUniversitet həyatı

NDU-nun rektoru universiteti uğurla təmsil edən tələbələrlə görüşüb

NDU-nun rektoru Elbrus İsayev Beynəlxalq müsabiqələrdə universiteti uğurla təmsil edən tələbələrlə görüşüb

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev akademik sahədə ölkə daxilində və beynəlxalq miqyasda uğurlar əldə edən tələbələri qəbul edib. Görüşdə rektor tələbələrin Beynəlxalq Kimya müsabiqələrində uğurlu iştirakını, həmçinin onların elmi rəhbərinin fəaliyyətini yüksək qiymətləndirərək təbrik edib.

Rektor Elbrus İsayev bildirib ki, universitetdə elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi istiqamətində müəllimlərin qarşısında mühüm vəzifələr dayanır. Bu prosesə tələbələrin də fəal şəkildə qoşulması təqdirəlayiq haldır. Gənc tədqiqatçıların yetişməsi və gələcək karyeralarını məhz elmi istiqamətdə qurması elmin inkişafına dəyərli töhfədir. Rektor həmçinin səmərəli elmi-tədqiqat fəaliyyətlərinin sayının artırılması məqsədilə universitetdə Tədqiqat qrupunun yaradılması, eləcə də kimya üzrə fəlsəfə doktoru, dosent, Rusiya Təbiətşünaslıq Akademiyasının professoru Fizzə Məmmədovanın Tələbə Elmi Cəmiyyətində elmi məsləhətçi kimi fəaliyyət göstərməsi üçün müvafiq tapşırıqlar verib.

Prezident İlham Əliyevin 4 aprel 2025-ci il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilən Təbii Ehtiyatlar İnstitutunun “Hidrogeologiya və mineral sular” laboratoriyasının müdiri Fizzə Məmmədova tələbələrin elmi-tədqiqat fəaliyyətlərindən bəhs edib. Tibb, Kimya və Kimya müəllimliyi ixtisaslarında təhsil alan tələbələrin öyrəndikləri nəzəri biliklər əsasında apardıqları tədqiqatlarla Norveçdə, Qazaxıstanda və daha başqa ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə uğurlarından söz açıb.

Sonda tələbələr göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Rektor Elbrus İsayev Naxçıvan Dövlət Universitetini Beynəlxalq müsabiqələrdə uğurla təmsil etdiklərinə görə Fizzə Məmmədovaya və tələbələrə təşəkkürnamə təqdim edib.

Fəxriyyə Səyyadova

Leave a Reply

Your email address will not be published. Required fields are marked *