“15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan xalqının taleyini dəyişən zəfər tarixi” mövzusunda dəyirmi masa təşkil olunmuşdur
15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan xalqının tarixini dəyişən zəfər tarixi! "Konstitusiya və Suverenlik İli" çərçivəsində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ-də








“15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan xalqının taleyini dəyişən zəfər tarixi” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ardınca Azərbaycan Respublikasının memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin, həmçinin torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova, 3 saylı şöbə müdiri Gülnarə İbrahimova, 2 saylı şöbə müdiri Sevil Abdullayeva, ədəbiyyat müəllimi Günel Abdullayeva və digər çıxışçılar Milli Qurtuluş Gününün tarixi-siyasi əhəmiyyətindən bəhs etmişlər. Bildirilmişdir ki, 1993-cü ilin iyununda ölkədə hökm sürən dərin siyasi və sosial böhran, dövlətçiliyin təhdid altında olması şəraitində xalqın israrlı tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin dağılmaq təhlükəsinin qarşısını almış, müstəqilliyin qorunmasını və ölkədə sabitliyin təmin olunmasını mümkün etmişdir.
Vurğulanmışdır ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmaqla yanaşı, milli birlik və həmrəyliyin, xalqla rəhbərlik arasında qarşılıqlı etimadın təcəssümüdür. Bu mühüm siyasi hadisə nəticəsində dövlət idarəçiliyində əsaslı islahatlara başlanılmış, hüquqi və iqtisadi islahatların əsası qoyulmuş, ölkənin inkişafı üçün sabit zəmin formalaşdırılmışdır.
Qeyd olunmuşdur ki, bu tarixi nailiyyətlərin banisi olan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin ideoloji və strateji əsaslarını müəyyənləşdirərək, onu gələcək inkişafın möhkəm təməl daşlarına çevirmişdir.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin zəngin həyat və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmiş, ardınca tələbələr tərəfindən dahi şəxsiyyətə həsr olunmuş ədəbi-bədii kompozisiyalar və şeirlər səsləndirilmişdir.