“Öyrən, xilas et!” layihəsinin koordinatorluğu 2 nömrəli Bakı Baza Tibb kollecinə həvalə edilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Öyrən, xilas et!” layihəsinin koordinatorluğu 2 nömrəli Bakı Baza Tibb kollecinə həvalə edilib. Kollecin əməkdaşlarından ibarət işçi qrup bu layihənin uğurlu icrası üçün təlim proqramının və materiallarının, iştirakçıların fəaliyyət planının, mövzular haqqında təlimatların hazırlanması üçün işlər görüb və bu istiqamətdə təlimçilərlə onlayn görüşlər keçirib.

Fövqəladə hallarda əhaliyə həkiməqədər ilkin tibbi və psixoloji yardımın göstərilməsi, belə vəziyyətlərdə davranış qaydaları haqqında biliklərin aşılanması məqsədilə təşkil olunmuş bu maarifləndirici tədbirin ilk təlimləri 26.05.2025-ci il tarixində Gəncə və Lənkəran tibb kolleclərində baş tutub. Həmin kolleclərin müəllimləri tərəfindən həyata keçirilən təlimlərin 4 iyul tarixinədək davam etməsi nəzərdə tutulub.
“Öyrən, xilas et!” layihəsi çərçivəsində təşkil olunmuş təlimlər gələcəkdə respublikamızın digər regionlarında keçiriləcək və bu layihəyə cəlb olunmuş könüllülər əldə etdikləri nəzəri və praktiki bilikləri əhali arasında yaymaqla gələcəkdə dövlət qurumları tərəfindən aparılan maarifləndirmə işlərinə dəstək olmaq imkanı əldə edəcəklər.



