Lənkəranda “Sevinc bizik, gələcək bizik” adlı festival keçirilib
Mayın 31-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi, “Dosa Mall” Ticarət Mərkəzinin birgə təşkilatçılığı ilə “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Dosa Mall” Ticarət Mərkəzində “Sevinc bizik, gələcək bizik” adlı festival keçirilib
Festivalın 1-ci günündə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq müəssisələrinin çıxışları, sərgiləri və təqdimatları nümayiş etdirilib. Belə ki, Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 saylı uşaq musiqi məktəbinin şagirdlərinin ifasında mahnılar və instrumental musiqilər dinlənilib. Uşaq rəssamlıq məktəbinin balaca rəssamlarının rəsmləri sərgilənib. Mərkəzləşdirilmiş kitabxana sisteminin uşaq fondunun kitablarına baxış keçirilib. Bundan başqa festivalda istedadlı uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər. Onların əyləncəli anlar keçirməsi üçün hazırlanmış səhnədə maskotların ifasında şou proqramlar göstərilib.
Festival 1 iyun tarixində axşamadək “Dosa Mall” Ticarət Mərkəzində davam edəcək.




